XX əsrin əvvəllərində Rusiya İmperiyasının böhranı | Yeni əsrin astanasında

1894-cü ili Rusiya tarixində dönüş ili adlandırmaq olar. Məhz bu ildə baş vermiş mühüm hadisə — imperator III Aleksandrın ölümü və sonuncu Rusiya hökmdarının hakimiyyətə başlaması ilə əlaqədardır. 1894-cü il oktyabrın 20-si saat 1407-də imperator III Aleksandr böyrək xəstəliyindən vəfat etdi.
Qanun və adət-ənənəyə uyğun olaraq 1894-cü il oktyabrın 20-də vəfat etmiş imperatorun 26 yaşlı böyük oğlu Nikolay Aleksandroviç II Nikolay adı ilə Rusiya taxtına çıxdı. II Nikolay atası kimi belə düşünürdü ki, Rusiya dövlətinin əsası olan mütləqiyyət müstəqil və tamhüquqlu idarəçilik mərkəzidir və bu prinsip dəyişdirilə bilməz. II Nikolayın hakimiyyətinin birinci günlərindən başlayaraq onun ünvanına əhalinin təbəəlik hisslərini ifadə edən məktub və teleqram axını gəlmişdir ki, onun da bəzilərində ictimai dairələrin nümayəndələrinin siyasi qərarların alınması işinə cəlb edilməsi arzusu ifadə olunmuşdur. Bu xüsusilə yerli özünüidarəçilk orqanları içərisində liberal baxışları ilə seçilən Tver zemstvosunun müraciətində açıq ifadə edilmişdi.
Hakimiyyətə başladıqdan üç ay sonra yeni imperator belə təşəbbüslərə son qoymağa qərar vermişdi. 1895-ci il yanvarın 17-də Qış sarayındakı zemstvo və şəhər nümayəndələri qarşısındakı çıxışında qeyd etmişdir ki, bəzi zemstvo yığıncağı iştirakçıları nümayəndələrinin daxili idarəçilikdə iştirakını arzu edir, lakin onlar bilməlidir ki, mən bütün gücümü xalqın səadətinə həsr edərək mütləqiyyətin əsasını unudulmaz valideynimin qoruduğu kimi möhkəm və ardıcıl hifz edəcəm. Bu nitq Rusiyada güclü əks-səda doğurmuşdu. Bir qrup insan bunu hökmdarın möhkəm iradəsi olaraq qəbul etdiyi halda, digərləri narazılıqlarını, hətta həyəcanlarını belə ifadə etmişdir. Əlbəttə, ali hakimiyyəti açıq tənqid etmək məqsədilə heç bir yol olmadığı üçün yalnız kiçik qrup içərisində, şəxsi söhbətlərdə insanlar öz narazılıqlarını dilə gətirə bilərdilər və gətirirdilər də. Varlı evlərin qonaq otaqları, əsilzadə salonları, bahalı restoran və meyxanaların xüsusi zalları qızğın müzakirələrin mərkəzinə çevrilmişdi. Burada belə bir fikir formalaşmışdı ki, qədim zamanlardan Rusiyada ictimai fikirlə razılaşırdılar. Belə bir mövqe yeni imperatorun xeyrinə olmayıb XX əsrin əvvəllərində monarxa qarşı liberal ideyaların meydana çıxmasına şərait yaratmışdı. Onlar Rusiyada Qərbi Avropa dövlətlərində mövcud olan konstitusiya qaydasının təsbit edilməsini istəyirdilər ki, əhali parlament seçkilərində iştirak etmək imkanı əldə etsin. Orada qanunvericilik əsasında söz, yığıncaq, mətbuat və ittifaq azadlığı bəyan edilmişdi ki, XIX əsrin sonunda bunların heç biri Rusiyada mövcud deyildi.

Lakin rus mühafizəkarları, o cümlədən sonuncu çar bunların olmamasını Rusiya üçün faciə hesab etmirdi. Onlar əmin idi ki, geniş demokratik azadlıqlar mərkəzi hakimiyyətin zəifləməsinə, bu isə öz növbəsində dövlətin əsasının dağılmasına gətirib çıxarar. Rus həyatına azadlıq, özünüidarə və demokratiyanın başlanğıcını daxil etmiş II Nikolayın islahatçı babası II Aleksandr haqqında xatirələr hələ çox təzə idi. Bütün bunlar ölkədə həyəcana və nəticədə monarxın öldürülməsinə səbəb olmuşdu. III Aleksandr hakimiyyətə gəldikdən sonra ölkədə sərt qayda-qanun tətbiq edərək qarışıqlığa son vermişdir. Bunun şəxsən şahidi olmuş yeni imperator da hesab edirdi ki, məhz belə ənənəvi yolla Rusiya davam etməlidir.
Dəfələrlə xarici ölkələrdə səfərdə olmuş yeni hökmdar İngiltərədə, Fransada baş verən yeniliklər və qayda-qanundan xəbərdar idi. O əmin idi ki, İngiltərə üçün yaxşı olanı kor-koranə Rusiyaya tətbiq etmək olmaz. Çünki Rusiyanın öz adət-ənənəsi və həyat tərzi, qanunları mövcuddur. Rus cəmiyyətinin qaranlıq cəhətləri, nöqsanlarına da bələd olan çar düşünürdü ki, bunları Qərbdən nümunə əsasında deyil, rus təcrübəsini nəzərə alaraq tədricən, tələsmədən aradan qaldırmaq məqsədəuyğundur.
Taxta çıxan II Nikolay liberal təsəvvürlərin əleyhinə olaraq belə düşünürdü ki, Qərbi Avropadan fərqli olaraq Rusiyada əsl ictimai rəy mövcud deyildir. Onun əvəzinə yalnız salon boşboğazlığı və liberal manilovçuluq vardır. Faciəvi hadisələrin təsiri altında 1905-ci ilin oktyabrında çar dövlət quruluşu sistemində böyük dəyişikliyə addım atdıqdan sonra belə daxilində adət-ənənəyə sadiq olaraq qalmışdı.
Sonuncu çarın hakimiyyət illərinin ilk bir neçə ili 1896-cı ildəki tacqoyma münasibətilə təşkil edilmiş Xodın təntənəsində basa-bas nəticəsində yüzlərlə adamın həlak olması fəlakəti istisna olmaqla, demək olar ki, sakit keçmişdir. Onun hakimiyyətinin böyük hissəsi isə sarsıntı, qarışıqlıq və müharibələrlə müşayiət olunmuşdur. Müxtəlif səbəblərdən cəmiyyətin yeni və yeni dairələrin narazılıq əhatə etməkdə davam edərək imperiyanın sonunda demək olar ki, ölkənin bütün siyasi şüurlu əhalisini əhatə etmişdir. Rusiyanı lazım olan qaydada idarə etmirlər inamı get-gedə bütün əhalini əhatə etməkdə idi. Çoxları siyasi dəyişiklik tərəfdarı idi, lakin onun xarakteri fərqli mahiyyət daşımışdır.

II Nikolay taxta çıxdığı ilk gündən həyatının son saatlarına kimi hələ uşaqlıq yaşlarından Rusiyaya bəslədiyi səadət və firavanlığı davam etdirmişdir. Rusiyanın keçmişinə və dövlət quruluşu prinsipinə danışıqsız hörmət və pərəstiş ruhunda tərbiyə edilən çar əmin idi ki, imperator hakimiyyəti ölkə üçün səadətdir və monarxın tarixi vəzifəsi öz iradə və hisslərinə söykənərək Tanrının xeyir-duası ilə təbəələrinin firavanlığı üçün çalışmaqdan ibarətdir.
Çar nümunəvi ər və ata olaraq öz nigahını böyük xoşbəxtlik sayırdı. Atasının dəfn mərasimindən sonra 1897-ci il noyabrın 14-də Nikolay Aleksandroviç həyatını Gessen şəhzadəsi, pravoslavlığı qəbul edərək Aleksandra Fodorovna adını almış Alisa ilə birləşdirmişdir. Alisa-Aleksandra ingilis kraliçası Viktoriyanın nəvəsi — Gessen hersoqu IV Lüdviq və onun arvadı ingilis şahzadəsi Alisanın qızı idi. O, 1872-ci ildə hersoqluğun paytaxtı Darmştatda anadan olmuşdu. Rus və ingilis-alman şahzadələri bir-birini sevib evləndikdən sonra onların dörd qızı, 1904-cü il iyulun 30-da taxtın varisi oğlu Aleksey dünyaya gəlmişdir.
Çox səliqəli, hətta pedant bir şəxs olan sonuncu imperator öz vəzifələrini diqqət və çox dəqiqliklə yerinə yetirirdi. Ən ağır anlarda belə özünü taqətdən salmayaraq hökmdar üçün nəzərdə tutulmuş gündəlik iş rejiminə əməl edirdi. Yalnız şəxsi nasazlıq, ailə üzvlərinin ciddi xəstəliyi və başqa xoşagəlməz hadisələr II Nikolayı nazirləri qəbul etməyi, növbəti sənədlərlə tanış olmağı və yaxud təyin edilmiş görüşü təxirə salmağa məcbur edə bilərdi.
Geyimində və yeməkdə tələbkar olmayan imperator dəbdəbə və rahatlıqdan uzaq idi. Gündəlik nəzərdə tutulan rejimə əməl edən çar eyni saatda yatıb, eyni vaxtda duraraq piyada xeyli gəzdikdən sonra üzmək, tennis və bilyard oynamağı, ov etməyi xoşlayırdı. Siqarət çəkməyinə, içki qəbul etməsinə baxmayaraq, ömrünün sonuna kimi fiziki cəhətdən möhkəm olan çar yalnız 1900-cü ilin sonunda bir dəfə ciddi qarın yatalağından xəstələnmişdi.
Uşaqlıq illərində yeddi yaşından başlayaraq ciddi və səylə müxtəlif fənləri öyrənən gələcək imperator müəllimlərinin qeyd etdiyi kimi, müxtəlif sahələrdə yaxşı biliyə malik olub alman, fransız, ingilis dillərini sərbəst bilirdi. Gəncliyində şəkil çəkir, fortepiano və skripkada ifa edə bilirdi.
Dövlət başçısı kimi böyük səlahiyyətləri olan II Nikolay imperiyada qayda-qanun keşiyini çəkməyə borclu idi. Siyasi görüşlərindəki mühafizəkarlıq o demək deyildi ki, monarx hər şeydə yenilik və islahatın əleyhinə olmuşdur. Əgər o əmin olsa idi ki, bu və yaxud başqa yenilik dövlətin möhkəmlənməsinə, onun nüfuzunun artmasına xidmət edir çar onu müdafiə etməyə hazır idi. İmperator Rusiya cəmiyyətinin müxtəlif sahələrinin dəyişdirilməsinə tələbat olduğunu gördüyü halda belə hesab edirdi ki, Rusiya dövlətinin mövcud olmasının əsas və ayrılmaz prinsipi mütləqiyyətdir. Mütləqiyyət və Rusiya ona görə ayrılmazdır. Əhalinin ümumrusiya siyahıyaalınması sorğu vərəqəsinin məşğuliyyət növü bəndinin cavabında II Nikolay yazmışdır: «Rusiya torpağının sahibi» («Хозяин земли Русской»). Bu dünyagörüşü prinsipinə sitayiş edən sonuncu çarı heç bir siyasi qasırğa tərəddüdə salmamışdır.

XIX-XX əsrin hüdudunda 1892-ci ildən Yollar Rabitə Nazirliyinin başçısı, 1892-1903-cü illərdə maliyyə naziri, 1903-1906-cı illərdə Nazirlər Komitəsinin sədri, 1905-1906-cı illərdə Nazirlər Şurasının birinci başçısı Sergey Yulyeviç Vittenin (1849-1915) fəaliyyəti ölkənin daxili və xarici siyasətində çoxtərəfli olmuşdur. O, 1849-cu il iyunun 17-də Tiflisdə çox da varlı olmayan zadəgan ailəsində doğulmuşdur. Atası Yuli Fyodoroviç Qafqaz canişininin dəftərxanasında çalışırdı. Anası Y.A.Fadeyeva məşhur knyaz Dolqorukilərin qohumu idi. S.Y.Vitte ekstern yolu ilə imtahan verərək Novorossiya Universitetinin (Odessa) fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1869-cu ildən Odessa general-qubernatorluğunun dəftərxanasında dəmiryol hərəkətinin qeydiyyatı işinə başlamışdır. Tezliklə gənc universitet məzunu Cənub-Qərb Dəmiryol Cəmiyyətində istismar rəisi təyin edilmişdir. 1888-ci ildə çar ailəsi və yaxınlarının narazılığına baxmayaraq, ağır çar qatarlarının sürətli hərəkətinin təhlükəli olduğunu bildirərək III Aleksandrın diqqətini cəlb etmişdir. 1888-ci il oktyabrın 17-də Xarkov yaxınlığındakı Borkidə onlarla adamın ölümünə səbəb olmuş imperator qatarının qəzasından sonra III Aleksandrın göstərişindən sonra S.Y.Vitte Maliyyə Nazirliyinin Dəmiryol Departamentinin direktoru təyin olunmuşdur. 1892-ci ilin fevralından yollar naziri, avqust ayından isə maliyyə naziri təyin olunmuşdur. XIX əsrin sonunda on bir bölməsi olan Maliyyə Nazirliyinə Dövlət Bankı, Zadəgan Torpaq Bankı, Kəndli Topraq İşi Bankı, Sikkə evi daxil idi. Təkcə mərkəzi aparatda min nəfərdən çox məmuru olan Maliyyə Nazirliyinin böyük ölkələrdə çoxlu rəsmi nümayəndələri var idi. 1903-cü il avqust ayına kimi 11 il ərzində bu mühüm vəzifəyə sahib olmuş S.Y.Vitte bir çox mühüm iqtisadi islahata imza atmışdır. 1894-cü ildə Dövlət Şərab İnhisarı təşkil olunmuş, böyük Sibir dəmiryol tikintisinə başlanılmış, 1894 və 1904-cü illərdə Almaniya ilə gömrük müqavilələri imzalanmış, texniki və sənət məktəblərinin şəbəkəsi genişləndirilmişdir. S.Vittenin iqtisadi proqramında 90-cı illərin ortalarından qızıl rublun dövriyyəyə buraxılması əsas yer tutmuşdur.
XIX əsrin ortalarından əsas pul vahidi qəbul edilmiş kağız rubl dövriyyədə olan qızıl, gümüş, mis pullarla müqayisədə dəyərini itirərək iqtisadi inkişafı ləngidirdi. XIX əsrin 80-ci illərinin sonunda kağız rublun dəyəri qızılla 64,3 qəpik idi. S.Vitte vəziyyəti düzəltmək məqsədilə kağız pulları möhkəm kursla qızılla əvəz etmək üçün fəaliyyətə başladı.

1886-cı ildə dövlət xəzinəsi qızıl sikkələrin yeni nümunələrinin «15 rubl» imperial və «7 rubl 50 qəpik» yarım imperial qızıl pullarını hazırlamışdır. 1897-ci il yanvarın 3-də rəsmi dövlət fərmanı ilə 15 rubl dəyərində imperial və 7 rubl 50 qəpik dəyərində yarımimperial qızıl pulların dövriyyəyə buraxılması elan edilmişdir. Avqustun 29-da kredit biletlərinin emissiyası, noyabrın 14-də isə imperialın 1/3 dəyərində olan 5 rublluq qızıl sikkələrin zərb edilməsinə dair qərarlar elan olunmuşdur. Eyni gündə dövlətin Dövlət Bankı simasında kredit biletlərinin üzərində qızılla dəyişməsi öhdəliyi yazılmaq şərtilə biletlərin hazırlanmasına dair fərman çıxmışdır. Rubl Rusiyanın dövlət pul vahidi oldu. Qızıl sikkələri xəzinəyə məxsus və yaxud xüsusi şəxslərə aid qızıl külçəsindən hazırlamaq olardı. Qızıl sikkələrlə bütün ödəmələrdə qeyri-məhdud qiymətdə istifadə etmək olardı. Gümüş və mis sikkələr isə köməkçi vasitə olub 25 rubl kimi ödəmələrdə istifadə edilə bilərdi.
XX əsrin əvvəllərində ölkədə əsas pul vahidi olan 900 əyarlı 15 rubl (imperial), 10 rubl, 7 rubl 50 qəpik və 5 rubl dəyərində sikkələr mövcud olmuşdur. Köməkçi ödəmə vasitələri olan gümüş və mis sikkələr işləyirdi. Dövlət Bankının kağız banknotları yalnız dəyəri qızılla təmin edilmək şərti ilə çap edilə bilərdi. Dövlət Bankı kredit biletlərini qeyri-məhdud qiymətdə qızıl pula dəyişirdi. Kredit biletləri 500, 100, 25, 10 rublluq, o cümlədən 5, 3 və 1 rubl dəyərində dövriyyəyə buraxılmışdır.
Qızıl valyutanın dövriyyəyə buraxılması dövlətin maliyyə vəziyyətini sabitləşdirmiş, iqtisadi inkişafın stimuluna çevrilmişdir. Məsələn, 1903-cü ildə Rusiyada fəaliyyət göstərmiş 1292 aksioner kompaniyasının 794-ü 1892-1902-ci illər arasında yaradılmış, 241 xarici kompaniyanın 205-i məhz bu dövrdə meydana gəlmişdir. 90-cı illərdə hər il Rusiyada orta hesabla 2,5 min verst yeni dəmiryolu çəkilmişdir. XIX əsrin sonlarında Rusiya sənaye inkişafının sürətinə görə qabaqcıl Avropa dövlətlərinin hamısını ötüb keçmişdir.
Lakin əsrin hüdudunda dünyada vəziyyət kəskin dəyişilmişdir. 1900-cü ilin əvvəllərində dünya iqtisadiyyatını bürümüş iqtisadi böhran metallurgiya, ağır maşınqayırma, mineral xammal emalı sahələrinin böhranını kəskinləşdirmişdir. Xarici firmalar bir-birinin ardınca müflisləşmişdir. Rusiyanın işgüzar dairələrini ağır və çıxılmaz vəziyyət əhatə etmiş, aparıcı sənaye və maliyyə qrupları iflas olmuşdur. P.P.fon Derviz, S.İ.Mamontov, A.K.Alçyevsk buna misaldır. Bu maliyyə nazirinin siyasətinə qarşı əleyhdarları daha da fəallaşdırmışdır. Onlar maliyyə nazirinin siyasətini «avantüra» adlandırsa da, bu heç nəyi dəyişmədi. Qızıl valyuta fakt olaraq rus-yapon müharibəsi zamanı və onun ardınca olan sosial həyəcanlar vaxtı Rusiyanı maliyyə iflasından yan keçməyə kömək etmişdir.
1897-ci ildə Rusiyada əhalinin birinci dəfə ümumi siyahıyaalınma kampaniyası təşkil edilmişdir. Bunu ölkənin iqtisadi inkişafı tələb edirdi. İşin bilavasitə təşkilatçıları isə Peterburq Universitetinin statistika kafedrasında çalışan iqtisadçı-statistiklər, Peterburq və Moskva şəhər idarələrinin statistika komissiyalarının üzvləri olmuşdur.
II Nikolay 1895-ci il iyunun 5-də əhalinin ümumi siyahıyaalınmasına dair Əsasnaməni təsdiq etmişdir. Qanunda siyahıyaalınmanın birgünlük, ümumxalq və dövri olaraq keçirilməsi qaydası təsbit edilmişdir. Siyahıyaalınma 1897-ci il yanvarın 28-də keçirilmiş, sorğu vərəqinə 10-dan çox sual daxil edilmişdir. Rusiya əhalisinin ümumsiyahıyaalınmasının yekununa əsasən, ölkədə Finlandiya nəzərə alınmadan 125 680 682 nəfər adam yaşayırdı. Şəhərlərdə 16 785 212 nəfər yəni, əhalinin 13%-i yerləşmişdi. Ölkədə yüz min nəfərdən çox əhalisi olan 19 mərkəz mövcud idi. Peterburqda 1 267 023 nəfər, Moskvada 1 035 664 nəfər əhali məskunlaşmışdı.
Əhalinin silki əlamət üzrə bölgüsü aşağıdakı kimi olmuşdur: 1 220 669 nəfər nəsli zadəganlar, 588 947 nəfər xristian dinindən olan ruhani rütbəli şəxslər ailələri ilə birlikdə, 342 927 nəfər nəsli və şəxsi fəxri vətəndaşlar, 281 179 nəfər tacirlər və ailələri, 13 386 392 meşşanlar, 99 825 486 nəfər kəndlilər idi. Yerdə qalanlar xaricilər və silki mənsubiyyəti qeyd edilməmiş şəxslər idi. Peterburq və Moskva fəhlələri arasında demək olar ki, bütün silk-lərin nümayəndələri təmsil edilmişdir. 1894-cü ildə imperiyada 1,5 mln. nəfər fəhlə mövcud olmuşdur ki, bu da əhalinin 1,2%-ni təşkil edirdi. 20 ildən sonra ölkənin fabrik və zavodlarındakı fəhlələrin sayı 4 mln. nəfəri ötüb keçmişdi. Bunlar muzdlu əməklə məşğul olan peşəkar fəhlələr idi. Bu qrupu təyin etmək məqsədilə, eyni zamanda «proletariat» (lat. «беднейший» — «kasıb») adlandırırlar.
Əhalinin daha böyük bir hissəsini «mövsümi işçilər» təşkil etmişdir. Onlar kəndlərdə şəxsi təsərrüfatları olan, payız aylarında əlavə qazanc üçün şəhərlərə üz tutan kəndlilərdən ibarət idi. «Mövsümçü» adlandırılan bu qrup qısa vaxt ərzində aşağı əməkhaqqı müqabilində əlavə işlərdə çalışırdı.
Rusiyadakı fabrik və zavodların texniki cəhətdən aşağı səviyyədə təchizatı, mərkəzi rayonlardakı əhali artıqlığı sayəsində ucuz fəhlə qüvvəsinin olması sahibkarlarda iş gününü azaldıb əməkhaqqını artırmağa maraq yaratmışdı. Baxmayaraq ki, XIX əsrin sonunda ölkənin ayrı-ayrı müəssisələrində tibbi və sosial təminat sistemi mövcud idi, ümumən isə fəhlələrin həyat səviyyəsi Qərbi Avropa ölkərindəkindən geri qalırdı.
Düzdür, hələ 1741-ci ildə Rusiyada sənaye müəssisələrində iş qaydalarının nizama salınmasına dair ilk qanun qəbul edilmişdi. 1882-ci ildə 12 yaşına çatmamış uşaqlara istehsalatda çalışmaq qadağan edilir, 12-15 yaş arasındakılar üçün isə 8 saatlıq iş rejimi təsbit olunmuşdu. 1885-ci ildə isə 17 yaşına çatmamış yeniyetmələrə və qadınlara gecə işlərində çalışmaq qadağan olunmuşdu. 1903-cü ildə qəbul edilən qanuna əsasən müəssisə başçısı hər bir bədbəxt hadisəyə görə fəhlələrə pul vəsaiti ayırmalı, istehsalatda həyatını itirmiş fəhlələrin ailələrinə təqaüd təyin etməli idi. 1906-cı ildə dövlət fəhlə və qulluqçuların azad həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə icazə verdi. 1912-ci ildə fəhlələrin pulsuz tibbi yardım almasına dair sığorta haqqında qanun qəbul olunmuşdur.
XIX əsrin 80-ci illərinin əvvəllərində Rusiya imperiyasının müxtəlif sənaye müəssisələrində iş günü 11-12 saat, 90-cı illərin ortalarında 10-11 saat, 1913-cü ilə doğru isə 9-10 saat təşkil etmişdir. XX əsrin əvvəllərində dünyanın inkişaf etmiş sənaye ölkələrində iş günü demək olar ki, Rusiya ilə müqayisədə 1 saat az olmuşdur. XX əsrin əvvəllərində Rusiya imperiyasının müxtəlif rayonlarında çalışan qara fəhlələrin əməkhaqqı ayda 17 rubldan başlayaraq ixtisaslı fəhlələrin aldığı 70 rubla kimi dəyişirdi. Birinci Dünya müharibəsi ərəfəsində, 1914-cü ildə Rusiyadakı orta əməkhaqqı minimum 22, maksimum 80 rubl olmuşdur.
Təhkimçilik hüququ ləğv edildikdən sonra bir sıra toxuculuq müəssisələrində həyəcanlar başladı. Fəhlələr sahibkarlardan hazır məhsulun qiymətini artırmağı, cərimələri ləğv etməyi, istehsalatda xəsarət alanlara yardım etməyi tələb etməyə başladılar. Bunların arasında təqribən 8 min nəfəri əhatə edən Morozov tətili miqyasına görə xüsusi yer tutur. Vladimir quberniyasının Orexova kəndi yaxınlığındakı Nikolsk adlı yerdə (Orexovo-Zuyevo şəhəri) Savva Morozovun Nikolsk Yoldaşlıq Manufakturasında 1885-ci il yanvarın 7-də fəhlələr açıq çıxışa başlayaraq cərimələrin ləğv edilməsini, tariflərin artırılmasını tələb etdilər. Bir ildən sonra Morozov tətilinin fəal iştirakçıları məhkəmə qarşısına çıxarıldı. Onlara qarşı 101 maddədən ittiham irəli sürüldü. Məhkəmə iştirakçılarının çıxışları, qəzetlərdəki izahatlar manufaktura sahibinin özbaşınalığını, fəhlələrin hüquqsuzluğunu təsbit etdi. Andlılar məhkəməsinin kollegiyası ittihamçılara bütün maddələr üzrə bəraət verdi. Fəhlə məsələsi ciddi sosial problemlər sırasında önə yerləşməyə başladı.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Rusiyada ən böyük iqtisadi layihələrdən biri olan, bütün Sibirdən keçən dəmiryol tikintisinə başlanmışdır. Rusiyanın iqtisadi inkişafı Uralın o biri tərəfində yerləşən ucsuz-bucaqsız Şərq rayonlarını daxili Rusiya təsərrüfat sisteminə qatmağı tələb edirdi. Təbii ehtiyatlarla zəngin olan Sibirin cənub rayonları kənd təsərrüfatının inkişafı üçün əlverişli iqlim şəraitinə malik idi. Lakin Sibirin əhalisi azsaylı olduğu üçün kənd təsərrüfatı istehsalı yalnız yerli tələbatı təmin edirdi. Yeraltı sərvətlərin emalı son dərəcə zəif inkişaf etmişdi. Etibarlı nəqliyyat əlaqəsinin olmaması, su yolu və araba, xizəklə daşınan mallar gec və baha başa gəlirdi. Sibirdə hərəkət etməyin ən tez və iqtisadi cəhətdən əlverişli vasitəsi məhz dəmiryolu idi. Odur ki, İrkutsk general qubernatorunun dəmiyol tikintisindən bəhs edən müraciətinə imperator III Aleksandr müsbət dərkənar qoymuşdur. 1887-ci ildən başlayan axtarış işlərindən sonra 1891-ci ildə qərar qəbul olundu ki, tam dəmiryol magistralı inşa edilsin. Dəmiryolunun Çelyabinskdən başlayıb Uraldan keçməklə Uzaq Şərq limanı Vladivostoka kimi uzanmağı planlaşdırılmışdı. Dəmiryolunun uzunluğu təqribən 9 min kilometr nəzərdə tutulmuşdur ki, bu da dünyada ən uzun dəmiryol magistralı demək idi. İşlərə şahzadə Nikolayın başçılıq etdiyi Sibir Dəmiryol Komitəsi nəzarət edirdi. 1891-ci ilin mayında taxtın varisi Vladivostokda Transsibir magistralının əsasının daşını qoydu.
Əvvəldən nəzərdə tutulmuşdu ki, dəmiryolu dövlət xəzinəsi vəsaiti hesabına əsasən rus fəhlə və texniklərinin iştirakı ilə inşa edilməlidir. Ümumən dəmiryolunun çəkilməsinə Rusiya milyard qızıl rubldan çox vəsait sərf etmişdir ki, bu da nəzərdə tutulduğundan üç dəfə çox idi. İki tərəfdən — Ural və Vladivostokdan çəkilən dəmiryolu bir neçə məhələdən ibarət olub dünya təcrübəsində bənzəri olmayan mürəkkəb texniki işləri həll etmişdir. 1894-cü ildə yol Omska, 1898-ci ildə isə İrkutska çatmışdır. Qatarların müntəzəm birbaşa hərəkəti 1903-cü ildə başlamışdır. Dəmiryolunun çəkilişinə rus mühəndisləri, o cümlədən Qərbi Sibir sahəsinə K.Y.Mixaylovski, Orta Sibir sahəsinə
N. P.Mejininov, Cənubi Baykal sahəsinə A.N.Puşeçnikov, Ussuriysk sahəsinə O. P.Vyazemsk başçılıq etmişdir.
1900-cü ildə Parisdə təşkil edilmiş Ümumdünya sərgisində Sibir Dəmiryol Komitəsi «Qran pri» mükafatını almışdır. Transsibir dəmiryolu ilə 1897-ci ildə 350 min, 1902-ci ildə 1,3 mln., 1908-ci ildə 4,8 mln., 1910-cu ildə isə 9,5 mln. sərnişin daşınmışdır.
Rusiya hökuməti Transsibir dəmiryoluna yalnız Sibirin təsərrüfat baxımından mənimsənilməsi vasitəsi kimi deyil, həm də Şimali Çində strateji mövqeyini möhkəmləndirmək xətti kimi baxırdı.
 
 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
 

0 şərh